Meyvələrin hamısı orqanizmə eyni dərəcədə faydalı deyil. Foodinfo.az Sports.kz-ə istinadən yazır ki, bəzi meyvələr bağırsaq sağlamlığına hətta zərər vura bilər. Harvard Universitetindən gastroenteroloq Saurabh Seti qeyd edib ki, bu siyahıya əsasən çox yetişmiş bananlar daxildir.

Mütəxəssis bildirib ki, belə bananlarda şəkərin miqdarı həddindən artıq yüksəlir və onlar bəzən “sarı qabıqlı Mars şokoladı” adlandırılır. Bu cür şirinlik qan şəkərinin kəskin artmasına səbəb olur və bağırsaq mikroflorası üçün lazım olan qidalandırıcı maddələrin miqdarını azaldır.

Araşdırmalar göstərib ki, banan yetişdikcə onun tərkibindəki rezistent nişasta və lif azalır, şəkərin payı isə artır. Halbuki rezistent nişasta həzm olunmadan yoğun bağırsağa keçir və prebiyotik kimi faydalı bakteriyaları qidalandırır. Buna görə də həkimlər bir qədər az yetişmiş bananların daha faydalı olduğunu vurğulayırlar.

Seti qeyd edib ki, az yetişmiş bananlar orta hesabla “beş ballıq fayda” ilə qiymətləndirilə bilərsə, çox yumşalmış və həddindən artıq şirin bananlar “qadağan olunmuş siyahı”ya düşür.

Əksinə, kivi bağırsaq sağlamlığı üçün ən yaxşı seçimlərdən biri hesab olunur. Bir ədəd kivinin tərkibində təxminən iki qram lif var ki, bu da bağırsaqda gələ çevrilərək qəbizliyin qarşısını alır və normal həzm prosesini dəstəkləyir.

Mütəxəssislər insanlara bağırsaq sağlamlığını qorumaq üçün meyvə seçimində diqqətli olmağı və xüsusilə çox yetişmiş bananların tez-tez qəbulundan çəkinməyi tövsiyə edirlər.