 
	
Əti kartof və ya makaronla birlikdə yemək orqanizm üçün həmişə uyğun deyil. Foodinfo.az “Radio 1”-ə istinadla xəbər verir ki, diyetoloq Viktoriya Qovoruşko bu barədə danışarkən qeyd edib ki, məsələ çox vaxt “uyğunsuz qidalar” anlayışında deyil, insanın fərdi həzm xüsusiyyətlərində və uşaq yaşlarından formalaşmış qida vərdişlərindədir.
Mütəxəssisin sözlərinə görə, bəzi insanlarda ət və nişasta tərkibli məhsulların — xüsusilə kartof və makaronun — birlikdə qəbulu mədədə ağırlıq, köp və narahatlıq hissi yarada bilər. Bu da həzmin ləngiməsinə və qida maddələrinin tam mənimsənilməməsinə səbəb olur.
Qovoruşko bildirib ki, ət məhsullarının tərkibində çoxlu zülal var və onların parçalanması üçün mədə daha çox turşu ifraz edir. Lakin kartof və makaron kimi nişastalı qidalar bu turş mühitdə çətin həzm olunur və bu, mədədə qaz yığılmasına və diskomforta gətirib çıxarır.
Diyetoloq əlavə edib ki, daha sağlam variant kimi ətin tərəvəzlərlə, xüsusilə yaşıl yarpaqlı tərəvəzlərlə və ya yüngül salatla birlikdə yeyilməsi tövsiyə olunur. Bu cür birləşmələr həzmi asanlaşdırır və orqanizmin qida maddələrini daha yaxşı mənimsəməsinə kömək edir.
O həmçinin qeyd edib ki, ətin bişirilmə üsulu da mühüm rol oynayır — qızartmaq əvəzinə buxarda, sobada və ya qaynadılmış şəkildə hazırlamaq daha faydalıdır.
Qovoruşko insanlara qidalanma vərdişlərini tədricən dəyişməyi, ağır yeməkləri axşam saatlarında deyil, günorta vaxtı qəbul etməyi məsləhət görüb.










































