Bananların bu qədər tez qaralmasının əsas səbəbi onların təbii olaraq ifraz etdiyi etilen qazıdır. Foodinfo.az xəbər verir ki, bu qaz meyvələrin yetişməsini sürətləndirir, nəticədə bir-iki gün ərzində bananlar qaralaraq yumşalır. Lakin qida mütəxəssisləri sadə üsullarla bu prosesi 2 həftəyədək ləngitməyin mümkün olduğunu bildirirlər.

Bananları harada saxlamaq olmaz?

Qida gigiyenası üzrə ekspertlərin sözlərinə görə, bananları qabda, günəş işığında və ya istilik mənbəyinə yaxın saxlamaq düzgün deyil. İsti mühitdə etilen qazı daha sürətlə yayılır və banan tez yetişir. Onları otaq temperaturunda, rütubətdən və istilikdən uzaq saxlamaq ən yaxşı seçimdir.

 Ən vacib detal – bananın “sapı”

Etilen əsasən bananın sap hissəsindən yayılır. Buna görə də mütəxəssislər bananları salxımdan ayırmağı və sap hissəsini nazik polietilen və ya ərzaq plyonkası ilə bükməyi məsləhət görürlər. Bu, qazın yayılmasını məhdudlaşdırır və bananların daha uzun müddət sarı qalmasına kömək edir.

 Soyuducuda saxlamaq olarmı?

Əgər banan artıq yetişibsə, onu soyuducuya yerləşdirmək məsləhətdir. Aşağı temperatur yetişmə prosesini dayandırır və belə halda meyvə təxminən iki həftə təravətini saxlaya bilər. Qabığın qaralması sizi qorxutmasın — daxili hissə adətən tam normal qalır və dadını itirmir.

Qaralmış bananı atmayın

Hətta qabığı qaralan banan belə smuzi, desert və ya bişmiş təamlar üçün ideal inqrediyent sayılır. Bu halda meyvənin içi daha yumşaq və şirin olur.