Uşaqların erkən inkişafında şəkərin miqdarının məhdudlaşdırılmasının uzunmüddətli faydaları müəyyən edilib. Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, Honkonq Elm və Texnologiya Universitetinin professoru Ciaçjen Çjenin rəhbərlik etdiyi tədqiqat qrupu ana hamiləlik zamanı və uşağın ilk iki ilində şəkərin azaldılmasının ağciyərlərin sağlamlığını yaxşılaşdırdığını və astma ilə xroniki obstruktiv ağciyər xəstəliyi (XOBX) riskini azaltdığını müəyyən edib.
Tədqiqat The American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc olunub. Ekspertlər bildiriblər ki, hamiləlikdən başlayaraq uşağın ikinci yaş gününə qədərki ilk 1000 gün ömür boyu sağlamlıq üçün kritik dövr sayılır. Əvvəllər hamiləlik zamanı şəkərin çoxluğunun uşaqda allergiya və astma riskini artırdığı məlum idi, lakin böyüklükdə ağciyərlərə təsiri tam aydın deyildi.
Tədqiqatçılar 1953-cü ildə Britaniyada şəkər norması ləğv olunmasını “təbiət eksperiment”i kimi istifadə ediblər. Qadağaların aradan qaldırılması ilə ölkədə şəkər istehlakı demək olar ki, iki dəfə artıb, digər qidalar isə sabit qalıb.
UK Biobank məlumatları əsasında 1951–1956-cı illərdə doğulmuş 58 670 nəfərin sağlamlıq göstəriciləri müqayisə edilib. Hamiləlik və erkən uşaqlıq dövründə şəkəri məhdudlaşdırılmış qrup astma riskini 25%, XOBX riskini isə 27% azaldıb. Bu şəxslərin ağciyərləri daha yaxşı işləyib, nəfəs həcmi və qabiliyyəti yüksək olub.
Müəlliflər hesab edirlər ki, bu nəticələr uşaqlarda erkən qidalanmanın böyüklükdə xroniki xəstəlik riskinə təsirini anlamağa kömək edir və səbəb-nəticə əlaqəsini təsdiqləmək üçün yeni klinik tədqiqatlar aparmağı tövsiyə edirlər.






