Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına dəstək verir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
Kampaniya çərçivəsində təqdim olunan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev meyvə-tərəvəz istehsalında təhlükəsiz və keyfiyyətli məhsul yetişdirməyin əsas meyarlarından danışır.
O qeyd edir ki, meyvə və tərəvəzlərin təhlükəsiz və keyfiyyətli olması üçün bitkilər sağlam yetişdirilməli, torpaq düzgün qidalanmalı və vaxtında suvarılmalıdır. İxrac məhsullarında etiketləmə və qablaşdırmanın idxalçı ölkələrin tələblərinə uyğun aparılması məhsulun izlənməsi və təhlükəsizliyinin təmininə xidmət edir.
Bəşir Quliyevin sözlərinə görə bu prinsiplərə əməl olunması ölkənin güclü qida təhlükəsizliyi sisteminin göstəricisidir. Bu isə sağlam məhsul, etibarlı bazar, artan ixrac və daha çox iqtisadi gəlir deməkdir.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!






