Kəsim zamanı quş cəmdəyinin çirklənməsinin qarşısını almaq məqsədi ilə mədə-bağırsaq sistemi dolu olan quşların kəsimi yolverilməzdir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsində bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, buxar istiliyi olan konteynerə salınaraq və ya qaynar su ilə pörtlətmə əməliyyatı qansızlaşdırma əməliyyatı bitdikdən dərhal sonra, quşun növündən asılı olaraq, müəyyən temperaturda təyin edilmiş vaxt aralığında mütləq şəkildə aparılmalıdır. Qaynar su ilə pörtlətmə və tüklərin təmizlənməsi bölməsi kəsim məntəqəsinin digər bölmələrindən divarla ayrılmış və ayrıca girişi olan hissədə aparılır. Lələklərin döşəmənin üzərində yığılaraq qalması yolverilməzdir. Quşların içalatının təmizlənməsi zamanı daxili orqanların zədələnməsin’ və cəmdəklərin çirklənməsinə yol verilməməlidir. Quşun qansızlaşdırılma prosesi tamamilə su keçirməyən divarlara və tavana malik xüsusi sahədə aparılmalıdır. Soyudulma bölməsində cəmdəklər, onların çirklənməsinin qarşısının alınması məqsədi ilə bir-birilərinə toxunmayacaq şəkildə asılı vəziyyətdə soyudulmalıdır.