Rusiyanın prezidenti Vladimir Putin ölkə vətəndaşlarının balıq və dəniz məhsullarını lazımi qədər istehlak etmədiyini bildirib. Foodinfo.az xəbər verir ki, dövlət başçısı bu fikri hökumət üzvləri ilə keçirdiyi iclas zamanı səsləndirib.

Putin qeyd edib ki, hazırda Rusiya vətəndaşlarının illik balıq istehlakı adambaşına orta hesabla 24 kiloqram təşkil edir, halbuki bu göstərici Səhiyyə Nazirliyinin müəyyən etdiyi normadan xeyli aşağıdır. “Vətəndaşların qidalanma strukturunda balıq və dəniz məhsullarının payı hələ də tövsiyə olunan səviyyəyə çatmır,” – deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, balıq məhsullarının istehlak səviyyəsi yüksək olan ölkələrdə insanların orta ömür müddəti də adətən daha çox olur. Prezident hesab edir ki, bu, sağlam qidalanmanın və keyfiyyətli züləklərin orqanizmə müsbət təsirinin göstəricisidir.

Putin hökumətə tapşırıb ki, balıq məhsullarının həm istehsalını, həm də əhalinin əlçatanlığını artırmaq üçün əlavə tədbirlər görülsün. O, həmçinin xatırladıb ki, balıq tərkibindəki Omega-3 yağ turşuları, yod, D vitamini və digər faydalı maddələr insan orqanizmi üçün əvəzsizdir.

Ekspertlər isə hesab edir ki, balığın rasionda az yer tutması təkcə qiymət amili ilə deyil, həm də əhali arasında qidalanma vərdişlərinin dəyişməməsi ilə bağlıdır. Onların fikrincə, dövlətin təşviq proqramları və maarifləndirici addımlar balıq istehlakını artırmağa kömək edə bilər.