Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, kəsim məntəqəsinin daxilində heyvan və quş kəsimindən başlayaraq ətin doğranması və saxlanmasına qədər bütün mərhələlərdə bölmələr üzrə aşağıdakı temperatur rejimi təmin edilməlidir:

-soyuducularda ət və ət məhsulları +4 °C dərəcədə, sub məhsullar (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.) +3 °C dərəcədə, dondurulmuş ət və sub məhsullar dondurucularda -18 °C ÷ -12 °C dərəcədə saxlanılmalıdır;

- Qurban bayramı və digər xüsusi tədbirlər istisna olmaqla, ətin daxili temperaturu yalnız +4 °C və ya daha az dərəcədə olduğu zaman ətin doğranması və sümükdən ayrılması həyata keçirilməlidir;

- Ət doğranması və qablaşdırılması bölməsində temperatur +10 ÷ +12 °C dərəcədən çox olmamalıdır.

Həmçinin sənədə əsasən, buxar istiliyi olan konteynerə salınaraq və ya qaynar su ilə pörtlətmə əməliyyatı qansızlaşdırma əməliyyatı bitdikdən dərhal sonra quşun növündən asılı olaraq, müəyyən temperaturda təyin edilmiş vaxt aralığında mütləq şəkildə aparılmalıdır. Kiçik inventarların dezinfeksiyası temperaturu 82 °C-dən az olmayan isti su və müvafiq dezinfeksiyaedici məhlullar vasitəsi ilə aparılır. Eyni zamanda soyuducu və dondurucu avadanlıqlar, eləcə də qablaşdırma həyata keçirilən otaqlar “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yoxlamadan keçmiş termometrlərlə təchiz edilməli, temperatura nəzarət edilərək bu barədə temperatur cədvəllərində mütəmadi qeydlər aparılmalıdır.