Orqanizmdə vitamin balansının pozulması bəzən sadə yorğunluq kimi görünsə də, əslində ciddi sağlamlıq siqnalları verə bilər.
Foodinfo.az vitamin çatışmazlığının ən çox görünən əlamətlərini təqdim edir:
1. Dəri və saç problemləri
Dərinin quruması, qabıqlanma, saç tökülməsi və dırnaqların qırılması A, E və biotin çatışmazlığının ilk xəbərçisi hesab edilir.
2. Daimi yorğunluq
Enerji azlığı, tez yorulma və gündəlik işlərə həvəsin olmaması B və D vitaminlərinin çatışmazlığı ilə əlaqələndirilir.
3. İmmunitetin zəifləməsi
Mütəxəssislər tez-tez xəstələnmə və yaraların gec sağalmasının C vitamini və sinkin azlığından qaynaqlandığını bildirirlər.
4. Əzələ və sümük ağrıları
Səbəbsiz ağrılar və sancıların xüsusilə D vitamini çatışmazlığında geniş müşahidə olunduğu qeyd edilir.
5. Əhval dəyişiklikləri
Depressiv hallar, əsəbilik və narahatlıq da müəyyən vitaminlərin — xüsusilə B6, B12 və D vitaminlərinin — azlığı ilə əlaqələndirilir.
6. Ağız-dodaq əlamətləri
Dodaq kənarında çatlamalar, dilin yanması və qızarması B qrupu vitaminlərinin çatışmazlığına işarədir.
7. Görmə zəifləməsi
Axşam görməsinin pisləşməsi və gözlərin tez quruması A vitamini ilə bağlı problemlərin simptomu ola bilər.
Bu əlamətlər uzun müddət davam edərsə, özbaşına vitamin qəbulu əvəzinə, laborator analiz və mütəxəssis müayinəsi mütləqdir.
Düzgün və balanslı qidalanma vitamin çatışmazlığının qarşısını almağın ən təsirli yoludur.






