Arıqlamaq istəyənlərin çoxu ilk addım olaraq qidanı qəfil azaltmağı seçir, lakin bu üsul düşündüyünüz qədər faydalı hesab edilmir. Foodinfo.az xəbər verir ki, məşqçi Kseniya Gufranova “İzvestiya”ya açıqlamasında bildirib: kəskin kalori azaldılması bədəndə yağ itkisindən çox əzələ itkisinə səbəb olur və nəticədə maddələr mübadiləsi yavaşıyır. Onun sözlərinə görə, sağlam yanaşma gündəlik qida qəbulunu birdən-birə minimuma endirmək deyil, normadan təxminən 15–20 faiz azaltmaqdır ki, bədən stres yaşamadan uyğunlaşa bilsin.

Məşqçi qeyd edib ki, arıqlama prosesində məqsəd yalnız çəki itirmək yox, əzələ kütləsini qorumaqdır, çünki əzələlər enerjinin əsas istehlakçısıdır və onların azalması metabolizmi zəiflədir. O bildirib ki, qidanı kəskin kəsmək orqanizmi qorxu rejiminə salır və bədən enerjini saxlamağa başlayaraq daha çox yağ yığır. Gufranova həmçinin karbohidratların “arıqlamanın düşməni” olması barədə populyar fikri təkzib edib. O vurğulayıb ki, mürəkkəb karbohidratlar — qarabaşaq, yulaf, tərəvəz, meyvə və paxlalılar — uzunmüddətli enerji təmin edir və qəfil aclıq tutmalarının qarşısını alır. Ekspert bildirib ki, problem yalnız “sürətli” şəkər mənbələri, yəni şirniyyat və ağ undan hazırlanan məmulatların həddindən artıq qəbulu zamanı yaranır. Mürəkkəb karbohidratları tam çıxarmaq isə əksinə, yorğunluq, başgicəllənmə və zəiflik hissini artırır.

Məşqçi tövsiyə edir ki, arıqlamaq istəyənlər porsiyaları tədricən azaltsın, qidalanmaya zülal və lif baxımından zəngin məhsullar daxil etsin, gün ərzində su qəbuluna diqqət etsin və fiziki hərəkəti artırmaqdan yayınmasın. Onun sözlərinə görə, balanslı menyu və davamlı qidalanma vərdişləri sürətli, lakin təhlükəli diyetlərdən daha etibarlı və uzunmüddətli nəticə verir.