Xalq təbabətində geniş istifadə olunan qoz yarpağı son illər təbii müalicə vasitələrinə marağın artması ilə yenidən diqqət mərkəzinə gəlib. Qoz yarpağı tərkibindəki bioloji aktiv maddələr sayəsində bir çox sağlamlıq probleminin yüngülləşdirilməsində köməkçi rol oynayır.

Foodinfo.az xəbər verir ki, qoz yarpağı iltihabəleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər onu boğaz, ağız boşluğu və diş əti iltihablarında, eləcə də müxtəlif dəri problemlərində faydalı edir. Xüsusilə ekzema, səpkilər və sızanaqlar zamanı qoz yarpağı dəmləməsindən xarici istifadə edildiyi qeyd olunur.

Qoz yarpağının qan şəkərinin tənzimlənməsinə dəstək ola biləcəyi də vurğulanır. Xalq arasında qoz yarpağı çayının şəkər xəstəliyində istifadə edilməsi geniş yayılıb. Lakin həkimlər bunun dərman müalicəsini əvəz etmədiyini xüsusi qeyd edir.

Həzm sistemi ilə bağlı problemlərdə də qoz yarpağından istifadə edilir. Taninlərlə zəngin olması səbəbindən bağırsaq fəaliyyətini tənzimləyə və ishalın azalmasına kömək edir.

Bundan əlavə, qoz yarpağının tərləmə əleyhinə təsiri olduğu bildirilir. Əl və ayaq tərləməsində qoz yarpağı ilə hazırlanmış vannaların müsbət nəticə verdiyi qeyd olunur. Saç və saç dərisi üçün də faydalı olan qoz yarpağı kəpəyin azalmasına və saçların möhkəmlənməsinə yardımçı hesab edilir.

Qoz yarpağının həddindən artıq və nəzarətsiz istifadəsi yan təsirlərə səbəb ola bilər. Xüsusilə hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəliyi olan şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Yarpaq düzgün və ölçülü istifadə edildikdə sağlamlığa fayda verir. Lakin o, tibbi müalicənin alternativi deyil və yalnız dəstək vasitəsi kimi qiymətləndirilməlidir.