Mütəxəssislər bildirirlər ki, daimi yorğunluq, əsəbilik və tez-tez xəstələnmək əksər hallarda təsadüfi olmur. Orqanizm bu əlamətlərlə vacib vitamin və maddələrin çatışmadığını xəbər verir və bu siqnallara məhəl qoyulmaması sağlamlıq problemlərini dərinləşdirə bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Vse42.ru tibbi mənbələrə əsaslanan material dərc edib.

Mütəxəssislərin sözlərinə görə, insan bədəni mürəkkəb sistemdir və faydalı maddələrin azalmasını əvvəlcədən müxtəlif əlamətlərlə hiss etdirir. Ən çox rast gəlinən hallar arasında xroniki yorğunluq və halsızlıq xüsusi yer tutur ki, bu da əsasən B qrup vitaminlərinin, D vitamininin və dəmirin çatışmazlığı ilə əlaqələndirilir.

Dərinin quruması, qabıqlanması və səpkilər A, E və B qrup vitaminlərinin azlığına işarə edə bilər. Ağız künclərində yaranan çatlar isə B2, B3 vitaminləri və dəmir çatışmazlığının mümkün göstəricisi sayılır. Saç tökülməsi və dırnaqların tez sınması biotin, D vitamini, sink və dəmirin kifayət qədər qəbul edilməməsi ilə bağlı ola bilər.

Görmənin zəifləməsi, xüsusilə gecə görməsində çətinlik A vitamininin çatışmazlığına, göz quruluğu isə omeqa-3 yağ turşularının azlığına dəlalət edə bilər. Diş ətlərinin qanaması çox vaxt damarların möhkəmliyi üçün vacib olan C vitamininin çatışmazlığı ilə əlaqələndirilir.

Yaraların gec sağalması C və K vitaminlərinin, həmçinin sinkin azlığı zamanı müşahidə oluna bilər. Əsəbilik, əhvalın tez-tez dəyişməsi və yuxu problemləri isə B qrup vitaminləri, D vitamini və maqneziumun sinir sisteminə təsiri ilə bağlıdır.

Mütəxəssislər qeyd edirlər ki, tez-tez soyuqdəymə və infeksiyalar immun sisteminin zəifləməsinin göstəricisidir və bu hal C, D, E vitaminləri ilə yanaşı sink və selen çatışmazlığı zamanı ortaya çıxa bilər. Əllərdə və ayaqlarda keyimə, qarışqa gəzməsi hissi B1, B6 və B12 vitaminlərinin azlığı ilə əlaqələndirilir, əzələ qıcolmaları isə D vitamini, maqnezium və kaliumun çatışmadığını göstərə bilər.

Dad və qoxu hissinin dəyişməsi sink azlığının, dərinin solğun görünməsi isə dəmir, B12 vitamini və fol turşusu çatışmazlığı nəticəsində yaranan qanazlığının əlaməti ola bilər. Mütəxəssislər vurğulayırlar ki, bu cür siqnalları gözardı etməmək, tarazlı qidalanmaya riayət etmək və vaxtında həkim məsləhəti almaq sağlamlığın qorunmasında əsas rol oynayır.