Mütəxəssislər bildirirlər ki, bəzi xərçəng növləri sürətli inkişafı və erkən yayılması ilə seçilir. Bu cür xəstəliklər vaxtında aşkarlanmadıqda müalicə prosesini xeyli çətinləşdirir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, onkoloq və kimyaterapevt Dmitri Olkin bu mövzu ilə bağlı NEWS.ruya açıqlama verib.
Həkimin sözlərinə görə, ağciyərin xırda hüceyrəli xərçəngi və mədəaltı vəz xərçəngi ən aqressiv şişlər sırasında yer alır. O qeyd edib ki, bu xəstəliklər sürətlə böyüyür, qısa müddətdə yayılır və erkən mərhələdə belə uzaq orqanlara keçə bilir. Xüsusilə ağciyərin xırda hüceyrəli xərçəngi şiş kütləsinin tez artması və erkən metastazlarla xarakterizə olunur.
Mütəxəssis əlavə edib ki, döş vəzinin üçlü mənfi xərçəngi və yumurtalıqların yüksək bədxassəli seroz xərçəngi də çox sürətlə inkişaf edir. Onun sözlərinə görə, döş vəzinin bu forması əsas hormonlara həssas olmadığı üçün standart müalicə üsulları məhdud qalır və xəstəlik erkən yayılmağa meylli olur.
Həkim bildirib ki, mədəaltı vəz xərçənginin aqressivliyi yalnız gec aşkarlanması ilə bağlı deyil. Bu orqanda sıx toxuma quruluşu dərmanların təsirini azaldır, genetik qeyri-sabitlik isə şişin sürətlə yayılmasına şərait yaradır. Nəticədə müalicəyə davamlılıq daha tez formalaşır.
Dmitri Olkinin sözlərinə görə, yumurtalıqların yüksək bədxassəli seroz xərçəngi qarın boşluğuna erkən yayılması ilə seçilir və çox vaxt artıq geniş mərhələdə aşkarlanır. O həmçinin mədənin üzükvari hüceyrəli xərçənginin və ağciyərdən kənar neyroendokrin şişlərin də yüksək invazivliyə malik olduğunu qeyd edib.
Onkoloq vurğulayıb ki, xəstəliyin aqressiv davranışında əsas rolu müalicənin zəifliyi deyil, şişin bioloji xüsusiyyətləri oynayır. Hüceyrələrin sürətli bölünməsi, genetik dəyişkənlik, erkən yayılma və immun nəzarətdən qismən yayınma xəstəliyin tez irəliləməsinə səbəb olur. Mütəxəssislər erkən müayinə və mütəmadi tibbi nəzarətin bu risklərin azaldılmasında mühüm rol oynadığını bildirirlər.






