Həkimlər xəbərdarlıq edirlər ki, infarkt yalnız yaşlılara xas problem deyil və bu təhlükəli vəziyyət 20–30 yaşlarında olan insanlarda da baş verə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə Sports.kz tibb mütəxəssislərinə və Amerika Ürək Assosiasiyasının məlumatlarına istinadla yazıb.

Mütəxəssislərin bildirdiyinə görə, infarkt ürəyə gedən qan axınının azalması və ya tam dayanması nəticəsində yaranan təcili vəziyyətdir. Ən çox rast gəlinən səbəb isə tac damarlarının yağ, xolesterin və digər maddələrin yığılması nəticəsində daralmasıdır. Statistikaya əsasən, ürək-damar xəstəliklərindən ölüm hallarının hər beşindən biri 65 yaşdan aşağı insanlarda qeydə alınır.

20–30 yaşda infarkta gətirib çıxaran altı əsas risk amili

Həkimlər aşağıdakı amillərin gənc yaşlarda infarkt riskini artırdığını vurğulayırlar:
– yüksək arterial təzyiq
– xolesterinin normadan artıq olması
– artıq çəki və piylənmə
– siqaret çəkmə
– şəkərli diabet
– sağlam olmayan həyat tərzi, o cümlədən düzgün qidalanmama, az hərəkətlilik və uzunmüddətli gərginlik

Bundan əlavə, ürəyin irsi xəstəlikləri də ciddi rol oynayır.

İnfarktın əsas əlamətləri

Mütəxəssislər aşağıdakı əlamətlərə xüsusi diqqət yetirilməsini tövsiyə edirlər:
– döş qəfəsində ağrı və ya narahatlıq
– nəfəs darlığı
– soyuq tər
– ürəkbulanma
– başgicəllənmə
– ağrının qol, bel, boyun, çənə və ya qarın nahiyəsinə yayılması

Qeyd olunur ki, qadınlarda infarkt çox vaxt tipik olmayan əlamətlərlə müşayiət olunur. Belə hallarda güclü sinə ağrısı olmadan nəfəs darlığı, ürəkbulanma, bel və ya çənə ağrıları yarana bilər.

İnfarkta bənzəyən digər xəstəliklər

Bəzi hallarda əlamətlər başqa ürək xəstəliklərini xatırlada bilər. Məsələn, hipertrofik kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır və ürəyin qan vurma qabiliyyəti zəifləyir. Bu xəstəliyin əlamətlərinə döş qəfəsində ağrı, başgicəllənmə, huşun itməsi, nəfəs darlığı və nizamsız ürək döyüntüləri daxildir.

Amerikalı İv Uoker bu diaqnozu 28 yaşında öyrənib. Onun bacısı uşaqlıqda qəfil ürək xəstəliyindən vəfat etsə də, ailədə bu mövzu açıq müzakirə edilməyib. İllər sonra İvdə də nəfəs darlığı və başgicəllənmə yaranıb. Əvvəlcə həkimlər astmadan şübhələniblər, lakin ətraflı ürək müayinəsindən sonra hipertrofik kardiomiopatiya aşkarlanıb. Daha sonra o, Amerika Ürək Assosiasiyası ilə əməkdaşlığa başlayaraq qadınları ürək xəstəlikləri barədə məlumatlandırıb.

Gənc yaşda infarkt – real hadisələr

Keçmiş tibb bacısı Kara Börns 39 yaşında infarkt keçirib. Həkimlər onda tac damarının qəfil laylanması və damar divarlarında anormal hüceyrə artımı aşkarlayıblar. Mütəxəssislər bildirirlər ki, bu cür hallar nadir olsa da, klassik risk amilləri olmayan gənc qadınlarda da müşahidə edilir.

Digər bir hadisədə Rolanda Perkins də 39 yaşında infarkt keçirib. O, gecə növbələrində işləyib, az yatıb və uzun müddət güclü gərginlik altında olub. Əvvəlcə əlamətləri yorğunluqla əlaqələndirsə də, sonradan döş qəfəsində şiddətli ağrı yaranıb və xəstəxanada infarkt diaqnozu təsdiqlənib.