Dişlər yalnız ağız sağlamlığını deyil, bütün bədənin vəziyyətini də əks etdirə bilər. Son illərdə aparılan araşdırmalar göstərir ki, ağız boşluğundakı dəyişikliklər bəzi ciddi xəstəliklərin erkən xəbərçisi ola bilər.
Foodinfo.az xəbər verir ki, tez-tez qanayan və iltihablanan diş əti ürək-damar xəstəlikləri riskinin artdığına işarə edə bilər. Çünki ağızda olan xroniki iltihab qan dövranına keçərək damarlara mənfi təsir göstərir.
Davamlı diş əti problemləri bəzən şəkərli diabetin ilkin əlaməti ola bilər. Diabeti olan insanlarda isə diş əti xəstəlikləri daha ağır və tez-tez müşahidə olunur.
Bundan əlavə, solğun və tez qanayan diş əti dəmir çatışmazlığının göstəricisi kimi qiymətləndirilir. Bu səbəbdən belə hallar aşkar edildikdə qan analizlərinin aparılması tövsiyə olunur.
Mədə reflüksü olan insanlarda diş minası daha tez zədələnir və dişlər həssaslaşır. Bu, mədə turşusunun ağıza qalxması ilə əlaqələndirilir.
Stressin də diş sağlamlığına təsir etdiyi vurğulanır. Dişlərin sıxılması və ya qıcaması çox vaxt psixoloji gərginliklə bağlı olur və zamanla dişlərin aşınmasına səbəb olur.
Bir sözlə, dişlər yalnız estetik görünüş deyil, həm də ümumi sağlamlığın vacib göstəricisidir. Buna görə də ildə ən azı bir dəfə stomatoloji müayinədən keçmək tövsiyə edilir.






