Dünya ölkələrinin milli mətbəxləri ilə bağlı yeni və maraqlı reytinq ictimaiyyətə təqdim olunub. Beynəlxalq qastronomiya bazalarında yer alan yeməklərin orta qiymətləndirilmələri əsasında aparılan araşdırma müxtəlif ölkələrin mətbəx mədəniyyətinə olan münasibəti əks etdirir. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, World Population Review portalı milli mətbəxlərin keyfiyyətinə görə yenilənmiş ölkə reytinqini dərc edib.
Reytinqin lideri ötən il olduğu kimi bu il də Yunanıstan olub. Yunan mətbəxi zəngin dadları, təbii məhsulları və balanslı yeməkləri ilə ən yüksək qiymətləri toplayaraq birinci yeri qoruyub saxlayıb. İlk onluqda Yunanıstandan sonra İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin qərarlaşıb. Bu ölkələr ümumi rəy və balların cəminə görə ən yaxşı nəticə göstərən mətbəxlər hesab olunub.
Ümumilikdə siyahıya 99 dövlət daxil edilib. Reytinqin aşağı pillələrində isə Nikaraqua, Laos və Boliviya yer alıb. Bu ölkələrin milli mətbəxləri iştirakçılar arasında ən aşağı orta göstəricilərlə yadda qalıb.






