
Süd və süd məhsulları gündəlik qidalanmada mühüm yer tutur. Foodinfo.az bildirir ki, bu barədə qidalanma mütəxəssisi Marina Petrova “Argumentı i Faktı” qəzetinə danışıb. Onun sözlərinə görə, bu məhsullar kalsium və proteinlə zəngin olduğu üçün sümük və əzələ sağlamlığı üçün əhəmiyyətlidir. Petrova qeyd edir ki, yağlı süd məhsulları A və D vitamini baxımından daha faydalıdır. Lakin bəzi hallarda az yağlı variantlara üstünlük verilməlidir.
Mütəxəssis xəbərdarlıq edir ki, bəzi hazır yoqurt və pendirlərdə şəkər və qatqılar çox olur. Araşdırmalar göstərir ki, süni əlavələr maddələr mübadiləsini poza və allergik reaksiyalara səbəb ola bilər. Süd məhsulu alarkən tərkibi və saxlanma şərtlərinə diqqət yetirmək vacibdir. Petrova həmçinin laktoza dözümsüzlüyü olanların xüsusi məhsullara yönəlməsini tövsiyə edir. Bu insanlar üçün laktozasız süd alternativləri daha uyğundur. Mütəxəssis vurğulayır ki, müxtəlif növ süd məhsulları balanslı şəkildə qəbul edilməlidir. O, sənaye istehsalı olan məhsullardan çox, təbii və tərkibi aydın olanları seçməyi tövsiyə edib.