Ölkədə heyvan sağlamlığının qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) tətbiqi uğurla davam edir. Bu sistem xəstəliklərin diaqnostikası və profilaktikası üzrə həyata keçirilən tədbirlərə nəzarəti gücləndirməklə yanaşı, heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə geniş imkan yaradır.
Bu barədə Foodinfo.az-a AQTA-dan bildirilib.
Hazırda ölkəmizdə identifikasiya məqsədilə vizual və elektron qulaq birkaları, mikroçiplər və bolyuslar kimi innovativ vasitələrdən geniş istifadə olunur. Bu yanaşma hər bir heyvan üzrə tətbiq olunan peyvəndlər, antibiotiklər və digər baytarlıq preparatları, həmçinin qoyulmuş diaqnozlar barədə məlumatların vahid elektron bazada toplanmasına şərait yaradır. Toplanmış məlumatlar heyvan sağlamlığı ilə bağlı vəziyyətin operativ təhlilinə imkan verir, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasını xeyli asanlaşdırır. Bununla yanaşı, sistem heyvanların genetik xətt üzrə izlənilməsinə, damazlıq işinin daha səmərəli təşkilinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Ümumilikdə, heyvanların identifikasiyası heyvan və heyvan mənşəli məhsulların izlənilməsini təmin etməklə ölkədə bioloji təhlükəsizliyin möhkəmləndirilməsində və insan sağlamlığının qorunmasında mühüm rol oynayır.
Qeyd edək ki, HİQS-də bugünədək 916 842 baş heyvan qeydiyyata alınıb.
Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.






