Soyuq havalarda bir çox insanın iştahının artması və daha çox kalorili qidalara meyl etməsi orqanizmin təbii reaksiyası hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət əsasən bədənin istiliyini qorumaq üçün daha çox enerji tələb etməsi ilə bağlıdır.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloq Anastasiya Lebedevanın sözlərinə görə, insan üşüyəndə orqanizm daxili temperaturu sabit saxlamaq üçün daha çox enerji sərf edir. Nəticədə maddələr mübadiləsi sürətlənir və bədənin kalori ehtiyacı artır ki, bu da daha çox yemək istəyi yaradır.
Mütəxəssis qeyd edir ki, soyuq hava hormonlara da təsir göstərə bilər. Belə şəraitdə aclıq hissini artıran hormonların səviyyəsi yüksələ, toxluq hissinə cavabdeh olan hormonların təsiri isə zəifləyə bilər. Buna görə də insan daha tez enerji verən yağlı və karbohidratla zəngin qidalara üstünlük verir.
Dietoloqun sözlərinə görə, xüsusilə qışda açıq havada çox vaxt keçirən və ya qış idman növləri ilə məşğul olan insanlarda bu ehtiyac daha güclü hiss olunur. Bununla belə, mütəxəssislər balanslı qidalanmanın vacibliyini vurğulayır və qış mövsümündə belə şirin və yağlı qidaların həddindən artıq istehlak edilməməsini tövsiyə edirlər.






