Bir çox insan düşündüyündən daha çox duz qəbul edir və bunu heç özü də hiss etmir. Foodinfo.az xəbər verir ki, dietoloq Maryana Cütova Championat.com-a açıqlamasında bildirib ki, insanların gündəlik qəbul etdiyi duzun 70 faizdən çoxu hazır məhsullarda gizlənmiş şəkildə olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada orta günlük duz qəbulu 9–12 qram arasında dəyişir ki, bu da tövsiyə olunan 1,5–2,3 qramlıq normadan 4–5 dəfə çoxdur. Mütəxəssis xəbərdarlıq edir ki, duzun artıq qəbulu yüksək təzyiq, infarkt, insult və böyrək xəstəliklərinin əsas risk amillərindən biridir.

Cütovanın sözlərinə görə, “gizli duz”un ən böyük mənbələri bunlardır:

Emal olunmuş ət məhsulları: kolbasa, sosiska və xüsusən də qurudulmuş və hisə verilmiş ət növləri — bekon və vetçina. Bu məhsullarda natriumun miqdarı 100 qramda 3 qrama qədər yüksələ bilir.

Pendir növləri: parmezan və çeddar kimi sərt pendirlər 100 qramda 2,5 qramadək natrium ehtiva edir.

Çörək və un məmulatları: adi bir dilim çörəklə bədənə təxminən 0,3 qram duz daxil olur.

Souslar: bir xörək qaşığı soya sousu gündəlik normanın böyük hissəsini təşkil edə bilir.

Konservləşdirilmiş məhsullar: tərəvəz konservləri, hazır bulyonlar və şorbalar natriumun ən yüksək gizli mənbələrindəndir.

Mütəxəssis əlavə edir ki, hətta dadlı, şirin görünən məhsullar — yoqurtlar, şirin kəsmiklər, peçenye və krekerlər belə — uzunmüddətli saxlanma və teksturanın qorunması üçün çoxlu miqdarda duzla hazırlanır.

Cütova xəbərdarlıq edir ki, duzun əsas hissəsi gözlə görünmədiyi üçün insanlar öz qəbullarını olduğundan az hesab edir və bu da sağlamlıq risklərini artırır. Buna görə də hazır məhsulların etiketlərini oxumaq, yarımfabrikatlardan uzaq durmaq və mümkün qədər təbii qidalara üstünlük vermək tövsiyə olunur.

duz