Son illərdə dünyada sürətlə yayılan qidalanma modellərindən biri də flexitarian pəhrizidir. Dietoloqlar bu pəhrizi “çevik vegetarian qidalanma modeli” kimi xarakterizə edərək onun həm sağlam, həm də rahat tətbiq oluna biləcəyini bildirirlər.

Foodinfo.az xəbər verir ki, flexitarian pəhrizin əsas prinsipi bitki mənşəli qidaları artırmaq, ət və heyvan məhsullarını isə məhdud miqdarda istehlak etməkdir. 

Bu model vegetarianlıq qədər sərt deyil, lakin rasionun böyük hissəsi tərəvəz, meyvə, paxlalılar, tam taxıllar və toxumlardan ibarət olur. Həftədə bir neçə dəfə toyuq, balıq və bəzən az miqdarda qırmızı ətə icazə verilir.

Pəhrizin populyarlaşmasının əsas səbəbi onun həm sağlamlıq, həm də həyat tərzinə uyğunluq baxımından çevik olmasıdır. 

Bu qidalanma modeli çəki azalmasına, xolesterin və şəkər səviyyəsinin stabilləşməsinə, eləcə də ürək-damar xəstəlikləri riskinin aşağı düşməsinə müsbət təsir göstərir.

Emal olunmuş qidaların minimuma endirilməsi, ağ undan və çox şəkərdən qaçılması flexitarian pəhrizin əsas tələblərindən biridir. Bu pəhriz xüsusilə vegetarianlığa keçməkdə çətinlik çəkən, lakin daha sağlam qidalanmaq istəyən insanlar üçün uyğun hesab olunur.