Payız mövsümündə bir çox insan səhərlər oyanmaqda çətinlik çəkir, özünü yorğun və yuxulu hiss edir. Foodinfo.az xəbər verir ki, aif.ru-ya danışan neyrofizioloq, nevroloq və somnoloq Yelena Alyoşina bunun nə tənbəllik, nə də pis əhvalla bağlı olmadığını bildirib. Mütəxəssisin sözlərinə görə, əsas səbəb gün işığının qısalmasına qarşı orqanizmin verdiyi fizioloji reaksiyadır.

Alyoşina izah edir ki, payız orqanizmə özünəməxsus “ikili hormon təsiri” göstərir. Gecə vaxtı qaranlıq düşən kimi epifiz vəzisi melatonin — yuxu hormonunu — daha intensiv istehsal etməyə başlayır. Səhərin gec açılması səbəbindən beyin uzun müddət işıq siqanlı almır və melatoninin səviyyəsi oyanandan sonra da yüksək qalır. Bununla yanaşı, melatoninin sintezi üçün daha çox serotonin sərf olunur və bu da insanın halsızlıq hissini artırır.

Somnoloqun əsas məsləhəti — orqanizmi parlaq işıqla “aldatmaqdır”. Mütəxəssis bildirir ki, melatoninin səviyyəsini lazımi dərəcədə azaltmaq üçün ən azı 2500 lüks işıqlandırma tələb olunur, halbuki adi otaqda bu göstərici çox vaxt 500 lüksdən yuxarı olmur.

Alyoşina payızda səhərlər 20–30 dəqiqə ərzində 10 000 lüks gücündə işıqterapiya lampalarından istifadə etməyi ən təsirli üsul hesab edir. Onun sözlərinə görə, hətta hava tutqun olsa belə, açıq havadakı işıq mənbəyi otaqdakından qat-qat güclüdür və səhər gəzintisi də yuxunun tənzimlənməsinə müsbət təsir göstərir.

Keyfiyyətli gecə yuxusu üçün somnoloq bir sıra əlavə vərdişlər də təklif edir. Onların arasında hər gün eyni saatda yatmaq və oyanmaq, fiziki aktivliyi artırmaq — bunun sayəsində serotonin səviyyəsinin yüksəlməsi — xüsusi əhəmiyyət daşıyır.

Alyoşina həmçinin “çəhrayı səs” kimi tanınan, yağışın səsi kimi monoton səslərin yuxunun dərin və stabil olmasına yardım etdiyini vurğulayır. Bu səslər kəskin səsləri maskalayır və beynin rahat şəkildə yuxu ritminə keçməsini asanlaşdırır.