Payız fəslinin simvollarından olan balqabaq təkcə dadlı və faydalı tərəvəz deyil, həm də sağlamlığımız və əhval-ruhiyyəmiz üçün əsl dəstəkdir. Foodinfo.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya açıqlamasında qidalanma mütəxəssisi Yekaterina Quzman danışıb.

Onun sözlərinə görə, balqabaq tərkibindəki beta-karotin sayəsində orqanizmdə A vitamininə çevrilir. Bu vitamin göz sağlamlığının qorunması, dəri və selikli qişaların bərpası, həmçinin immun sisteminin möhkəmləndirilməsi üçün vacibdir. Mütəxəssis qeyd edib ki, balqabağın tərkibindəki C vitamini də immun sistemini gücləndirir və kollagen sintezində mühüm rol oynayır.

Quzman əlavə edib ki, balqabaq B qrup vitaminləri ilə də zəngindir ki, bu da sinir sisteminin normal fəaliyyəti və qan yaranması üçün vacibdir. Tərkibindəki lif həzm prosesini yaxşılaşdırır, qanda xolesterin səviyyəsini azaldır və şəkərin səviyyəsini sabit saxlamağa kömək edir.

Balqabağın sağlamlığa təsiri bununla da bitmir. Onun tərkibindəki kalium və maqnezium ürək-damar sistemini dəstəkləyir, dəmir qanazlığının qarşısını alır, sink isə immunitetin güclənməsinə yardım edir. Eyni zamanda, zəngin antioksidantlar orqanizmdə oksidativ stressi azaldaraq hüceyrələrin qocalmasını ləngidir.

Mütəxəssis vurğulayıb ki, balqabağın tərkibindəki bu maddələr beyində serotonin istehsalını stimullaşdıraraq əhval-ruhiyyəni yüksəldir və stressi azaldır. Ona görə də payız menyusuna balqabaq əlavə etmək həm fiziki sağlamlıq, həm də psixoloji rahatlıq üçün olduqca faydalıdır.