Qidalanma sahəsində aparılan yeni qiymətləndirmə 2026-cı ildə ən faydalı pəhriz modellərini müəyyənləşdirib. Mütəxəssislər bildirir ki, düzgün seçilmiş qidalanma rejimi yalnız arıqlamağa deyil, həm də uzunmüddətli sağlamlığa müsbət təsir edir.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, U.S. News & World Report tərəfindən hazırlanmış reytinqdə Aralıq dənizi pəhrizi yenidən birinci yerə layiq görülüb. Bu pəhriz sadəliyi, balanslı olması və ürək-damar sağlamlığına müsbət təsiri ilə seçilir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, ikinci yeri DASH diet, üçüncü yeri isə MIND diet tutur. Hər üç model əsasən bitki mənşəli qidalanmaya üstünlük verir və meyvə, tərəvəz, tam taxıllar və paxlalılarla zəngindir.
Aralıq dənizi pəhrizi yalnız pəhriz deyil, həm də həyat tərzi kimi qiymətləndirilir. Bu model zeytun yağı, balıq, tərəvəz və az miqdarda ət istifadəsini təşviq edir. Araşdırmalara görə, bu qidalanma ürək xəstəlikləri, diabet, depressiya və hətta bəzi xərçəng növlərinin riskini azalda bilər.
Reytinqdə bəzi məşhur pəhrizlər aşağı yerlərdə qərarlaşıb. Məsələn, ketogenic diet ümumi siyahıda 25-ci yeri tutsa da, sürətli arıqlama baxımından birinci hesab olunur. Lakin mütəxəssislər bu pəhrizin uzunmüddətli tətbiqinin çətin və bəzən riskli olduğunu vurğulayırlar.
Siyahının sonuncu pilləsində isə çiy qida pəhrizi yer alıb. Ekspertlər bildirir ki, bu model çox məhdudlaşdırıcıdır və orqanizmin bütün vacib qida maddələrini almasına mane ola bilər.
Mütəxəssislər ümumi nəticə olaraq qeyd edirlər ki, ən effektiv qidalanma modeli balanslı, davamlı və müxtəlif qidalardan ibarət olan pəhrizdir. Sağlam həyat tərzi üçün yalnız qida seçimi deyil, həm də fiziki aktivlik və sosial vərdişlər də mühüm rol oynayır.






