Tərəvəzlər sağlam qidalanmanın vacib hissəsidir. Vitamin, mineral və liflə zəngin olan bu məhsulların düzgün seçilməsi və istifadəsi isə sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.
Foodinfo.az tərəvəz istehlak edərkən nəzərə alınmalı məqamları təqdim edir:
1. Tərəvəzləri yaxşı yuyun
Tərəvəzlərin üzərində torpaq, mikrob və pestisid qalıqları ola bilər. Buna görə istifadə etməzdən əvvəl onları bol su ilə yaxşı yumaq vacibdir.
2. Mövsümi məhsullara üstünlük verin
Mövsümündə yetişən tərəvəzlərin daha təzə və qida dəyərinin daha yüksək olduğu bildirilir.
3. Həddindən artıq bişirməyin
Tərəvəzlərin uzun müddət yüksək temperaturda bişirilməsi bəzi vitaminlərin azalmasına səbəb ola bilər. Bu səbəbdən buxarda bişirmə və ya qısa müddətli bişirmə daha faydalı hesab olunur.
4. Müxtəlif tərəvəzlər qəbul edin
Dietoloqlar fərqli rəng və növdə tərəvəz yeməyin orqanizmin müxtəlif vitamin və mineral ehtiyaclarını qarşılamağa kömək etdiyini vurğulayırlar.
5. Saxlanma şəraitinə diqqət edin
Tərəvəzlərin düzgün temperaturda saxlanılması onların daha uzun müddət təzə qalmasına kömək edir. Xarici görünüşü və qoxusu dəyişmiş məhsulların istifadəsi tövsiyə olunmur.
6. Həddindən artıq duz və yağdan qaçın
Tərəvəz yeməklərinə çox duz və yağ əlavə etməyin onların sağlamlıq faydalarını azalda biləcəyi vurğulanır.
Gündəlik qidalanmada kifayət qədər tərəvəzə yer vermək ümumi sağlamlığın qorunması üçün vacib hesab olunur.






