Bir çox insan meyvələrin daha uzun müddət təzə qalması üçün onları soyuducuya yerləşdirir. Lakin bəzi meyvələr üçün bu üsul düzgün hesab olunmur.
Foodinfo.az “Real Simple” nəşrinə istinadla xəbər verir ki, qida mütəxəssisi Laura Brous bananın soyuducuda saxlanmasının onun dadına və quruluşuna mənfi təsir göstərə biləcəyini açıqlayıb.
Ekspert bildirib ki, aşağı temperatur bananın qabığının tez qaralmasına səbəb olur. Bu isə meyvənin xarici görünüşünü dəyişdirir və yetişmə prosesini pozur.
Laura Brous qeyd edib ki, bananı otaq temperaturunda, günəş şüasından uzaq yerdə saxlamaq daha məqsədəuyğun hesab olunur. Onun sözlərinə görə, banan digər meyvələrin yetişməsini də sürətləndirə bilər.
Mütəxəssis əlavə edib ki, artıq soyulmuş bananı qısa müddətlik soyuducuda saxlamaq mümkündür. Lakin bütöv halda saxlanması tövsiyə edilmir.
Ekspertlər bildirirlər ki, düzgün saxlanma qaydaları məhsulların həm dadını, həm də faydalı xüsusiyyətlərini qorumağa kömək edir.






