Sürətli həyat tərzi səbəbindən bir çox insan yeməyi ayaqüstə və ya tələsik qəbul edir. Xüsusilə iş yerlərində və küçədə qidalanma artıq adi vərdişə çevrilib. Dietoloqlar isə bunun sağlamlıq üçün zərərli nəticələr yarada biləcəyini bildirirlər.

Foodinfo.az “EatingWell” nəşrinə istinadla xəbər verir ki, dietoloq Melissa Grant ayaqüstə yeməyin həzm sisteminə əlavə yük yaratdığını açıqlayıb. Onun sözlərinə görə, insan tələsik qidalandıqda yeməyi kifayət qədər çeynəmir və bu vəziyyət mədə problemlərinə səbəb olur.

Ekspert qeyd edib ki, ayaqüstə yemək zamanı beyin toxluq siqnallarını daha gec qəbul edir. Bu isə normadan artıq qida qəbuluna və artıq çəki riskinə gətirib çıxara bilər.

Araşdırmalarda göstərilir ki, masa arxasında sakit şəkildə yemək yeyən insanlar daha az kalori qəbul edir və həzm sistemi daha yaxşı işləyir. Bundan əlavə, diqqətin telefona və ya başqa işlərə yönəlməsi də qidalanma prosesinə mənfi təsir edir.

Mütəxəssislər yemək zamanı tələsməməyi, qidanı yaxşı çeynəməyi və ən azı 15-20 dəqiqəlik sakit qidalanma rejiminə əməl etməyi tövsiyə edirlər.