Bir çox insan sağlam hesab etdiyi məhsulları gündəlik rasionuna əlavə etsə də, bəzi qidalar yüksək kalorili olduğu üçün çəki artımına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, hətta faydalı hesab edilən məhsulların həddindən artıq qəbulu arıqlama prosesini ləngidir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, terapevt, endokrinoloq və dietoloq Mariya Stelmax ən gizli kalorili məhsulların siyahısını açıqlayıb. Onun sözlərinə görə, xüsusilə souslar, quru meyvələr və bəzi “sağlam qidalar” düşündüyündən daha çox enerji verir.

Mütəxəssis pesto sousunun yüksək kalorili məhsullardan biri olduğunu bildirib. Reyhan, zeytun yağı, pendir və şam fındığından hazırlanan bu sousun 100 qramında təxminən 450-500 kilokalori var.

Dietoloq qeyd edib ki, granola da sağlam qida kimi tanınsa da, tərkibində bal, qoz-fındıq və yulaf olduğuna görə yüksək enerji dəyərinə malikdir. Böyük porsiyada qəbul edilən granola bir yemək qədər kalori verə bilər.

Mariya Stelmax quru meyvələrin də diqqətlə istifadə olunmasını tövsiyə edib. Onun sözlərinə görə, meyvələr qurudulduqda tərkibindəki şəkər daha konsentrat formada qalır. Xüsusilə xurma və kişmiş yüksək kalorili hesab olunur.

Ekspert pekan qozunun ən yağlı çərəzlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, bu məhsulun 100 qramında təxminən 700 kilokalori mövcuddur.

Mütəxəssis krem, sirop və şəkərlə hazırlanan qəhvə içkilərinin də gizli kalori mənbəyi olduğunu deyib. Onun sözlərinə görə, bəzi qəhvə növlərinin kalorisi tam səhər yeməyi ilə müqayisə oluna bilər.

Dietoloq bitki yağlarının faydalı olmasına baxmayaraq, həddindən artıq istifadəsinin çəki artımına səbəb olduğunu qeyd edib. O bildirib ki, əlavə edilən bir xörək qaşığı yağ belə rasiona əlavə yüzlərlə kalori gətirə bilər.

Mariya Stelmax humus, avokado və sərt pendirlərin də yüksək kalorili məhsullar sırasında yer aldığını bildirib. Onun sözlərinə görə, bu məhsullar faydalı yağlarla zəngin olsa da, porsiya nəzarəti olmadan istifadə edildikdə arıqlama prosesinə mənfi təsir göstərə bilər.