Mütəxəssislər bildirirlər ki, qida lifləri sağlam qidalanmanın vacib hissəsidir və onların çatışmazlığı bir sıra ciddi problemlərə səbəb ola bilər. Tam həzm olunmayan bu maddələr orqanizm üçün böyük əhəmiyyət daşıyır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qida lifləri toxluq hissini artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və həzm sisteminin düzgün işləməsinə kömək edir. Ekspertlərin sözlərinə görə, liflər orqanizmdən toksinlərin və maddələr mübadiləsi qalıqlarının xaric olunmasına dəstək verir, həmçinin bağırsaq mikroflorasını qoruyur. Qida liflərinin azlığı isə ürək-damar xəstəlikləri, immun zəifliyi, autoimmun problemlər və hətta bəzi onkoloji xəstəliklərlə əlaqələndirilir.

Mütəxəssislər qeyd edirlər ki, qida liflərinin əsas mənbəyi bitki mənşəli məhsullardır. Bu maddələr xüsusilə buğda kəpəyi, tam taxıllı çörək, qarabaşaq, paxlalılar, kələm, yerkökü, göyərtilər, quru meyvələr və göbələklərdə daha çox olur. Ümumdünya Səhiyyə Təşkilatı gündə ən azı 400-500 qram tərəvəz və meyvə qəbul etməyi tövsiyə edir.

Ekspertlər bildirirlər ki, sağlam insan gündə təxminən 30 qram qida lifi qəbul etməlidir. Bu səbəbdən bir çox qida məhsulları əlavə liflərlə zənginləşdirilir. Xüsusilə tam taxıl məhsulları və bəzi süd məhsulları bağırsaq mikroflorasını dəstəkləyən həll olunan liflərlə hazırlanır.