Şirniyyatdan imtina etmək istəyən bir çox insan konfet və şokoladın əvəzinə qurudulmuş meyvələrə və şəkərli qurudulmuş məhsullara üstünlük verir. İlk baxışdan bu seçim daha sağlam təsir bağışlayır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulların da həddindən artıq qəbulu sağlamlıq üçün risk yarada bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssis İrina Lyalina qurudulmuş meyvələr və şəkərli qurudulmuş məhsulların mədəaltı vəzinə təsiri barədə açıqlama verib.

Məlumata görə, meyvələr sağlam qidalanmada mühüm yer tutur və onların qurudulmuş formaları da faydalı hesab olunur. Həm şəkərli qurudulmuş məhsullar, həm də sadə qurudulmuş meyvələr vitaminlər, mineral maddələr, üzvi turşular və liflə zəngindir. Bu məhsullar uzun müddət saxlanıla bilir və düzgün istifadə edildikdə həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını almağa kömək edir.

Mütəxəssis vurğulayır ki, əsas təhlükə bu məhsulların hazırlanma üsulu və tərkibindəki şəkərin miqdarı ilə bağlıdır. Şəkərli qurudulmuş məhsullar meyvələrin şəkərli şərbətdə isladılıb bişirilməsi yolu ilə hazırlanır. Bu isə mədəaltı vəzi üçün ciddi yük yaradır və şəkərin yüksək olması səbəbindən sağlamlıq baxımından arzuolunan sayılmır. Bəzi hallarda tərəvəzlərdən hazırlanan şəkərli qurudulmuş məhsullar daha az zərərli hesab edilsə də, onların da tərkibinə dad və rəng verən maddələr əlavə oluna bilər.

Qurudulmuş meyvələr isə əsasən suyunun çəkilməsi yolu ilə hazırlanır. Günəş altında və ya xüsusi quruducularda qurudulan bu məhsullar daha təbii sayılsa da, onların da təhlükəsizliyi tam təmin olunmur. Xüsusilə üzüm, əncir və qaysı kimi meyvələrdən hazırlanan qurudulmuş məhsullar yüksək meyvə şəkəri ehtiva edir. Bu səbəbdən onların gündəlik qəbulu əlli qramdan artıq olmamalıdır.

Bundan əlavə, sənaye üsulu ilə hazırlanan bəzi qurudulmuş meyvələr zərərvericilərdən qorunmaq üçün xüsusi maddələrlə işlənir. Mütəxəssis bu baxımdan ev şəraitində hazırlanan qurudulmuş meyvələrin daha təhlükəsiz seçim olduğunu bildirir. Onun sözlərinə görə, miqdarına diqqət yetirildikdə və düzgün seçim edildikdə bu məhsullar rasionda yer ala bilər, lakin həddindən artıq istifadə mədəaltı vəzinə zərər verə bilər.