Sağlam və düzgün qidalanma bir çox xəstəliklərin əlamətlərinin yüngülləşdirilməsində mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, gündəlik istifadə etdiyimiz bəzi qidalar təbii vasitə kimi orqanizmə müsbət təsir göstərə bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bir sıra sadə və əlçatan qidaların sağlamlığa faydalarını açıqlayıblar.
Məlumata görə, zeytun yağı qanda xolesterinin səviyyəsinin azalmasına kömək edir və damarların təmizlənməsində mühüm rol oynayır. Gündə iki-üç xörək qaşığı zeytun yağının qəbulu “pis” xolesterinin azalmasına müsbət təsir göstərə bilər. Bu yağ salatlara əlavə edilə, yeməklərin hazırlanmasında istifadə oluna və ya tam buğda unundan hazırlanmış çörəklə birlikdə yeyilə bilər.
Araşdırmalar göstərir ki, gündə üç-dörd fincan qəhvə və ya çay içən şəxslərdə ikinci növ şəkərli diabetə tutulma riski azalır. Xüsusilə kofeinsiz qəhvənin bu baxımdan daha təsirli olduğu bildirilir. Mütəxəssislər bu təsiri çay və qəhvənin tərkibində olan antioksidantlar və faydalı maddələrlə əlaqələndirirlər.
Səhərlər özünü halsız hiss edən şəxslər üçün qatıq və yumurta ilə zəngin səhər yeməyi tövsiyə olunur. Bu qidalar beynin fəaliyyətini gücləndirən maddələrlə zəngindir və günə enerjili başlamağa kömək edir. Eyni maddələr bəzi meyvə və çərəzlərdə də mövcuddur, lakin yumurta və qatıq daha əlçatan sayılır.
Diz ağrılarından əziyyət çəkən şəxslərə isə həftədə bir neçə dəfə balıq yeməklərinin qəbulu məsləhət görülür. Balıq iltihabı azaldan və oynaqları qoruyan maddələrlə zəngindir. Bundan əlavə, sümük sağlamlığının qorunması üçün bəzi içkilərin az miqdarda istifadəsinin də faydalı ola biləcəyi qeyd edilir.
Mütəxəssislər vurğulayırlar ki, qidaların düzgün seçilməsi və ölçülü istehlakı ümumi sağlamlığın qorunmasında mühüm əhəmiyyət daşıyır.






