Normada qəbul edildikdə qəhvə təkcə oyanıq qalmağa deyil, ümumi sağlamlığa da müsbət təsir göstərir. Aparılan araşdırmalara əsasən, gündə 1–2 fincan qəhvə bir sıra faydalarla əlaqələndirilir.

Foodinfo.az xəbər verir ki, qəhvənin tərkibindəki kofein beyin fəaliyyətini stimullaşdıraraq diqqət, konsentrasiya və reaksiya sürətini yaxşılaşdırır. Bu, xüsusilə səhər saatlarında daha effektiv hiss olunur.

Qəhvə mərkəzi sinir sisteminə təsir edərək halsızlıq və yuxululuq hissini müvəqqəti olaraq azaldır, gün ərzində daha enerjili qalmağa kömək edir.

Kofein maddələr mübadiləsini qısa müddətli sürətləndirir. Bu da bədənin enerjidən istifadəsini artırır.

Qəhvə güclü antioksidantlarla zəngindir. Antioksidantlar hüceyrələri zədələnmədən qorumağa və orqanizmdə iltihabi proseslərin azalmasına dəstək olur.

Həmçinin qəhvə qəbulu dopamin və serotonin kimi “xoşbəxtlik hormonları”nın ifrazını stimullaşdırır.

Elmi mənbələrdə qəhvənin tip 2 diabet, Parkinson və bəzi qaraciyər xəstəlikləri riskinin azalması ilə əlaqəli ola biləcəyi bildirilir. Lakin bu təsirlər fərdi xüsusiyyətlərdən asılıdır.

Həddindən artıq qəhvə istifadəsi ürək döyüntüsünün artmasına, yuxusuzluğa, əsəbilik və mədə narahatlığına səbəb ola bilər.

Hamilələr, ürək və təzyiq problemi olan şəxslər qəhvə qəbulunu həkimlə məsləhətləşməlidirlər.