Sağlam qidalanmada meyvələrin rolu danılmazdır. Lakin dietoloqlar bildirirlər ki, meyvələr günün istənilən saatında eyni faydanı vermir. Meyvənin hansı vaxtda qəbul edilməsi həzm sisteminə, enerji səviyyəsinə və çəki nəzarətinə birbaşa təsir göstərir.

Foodinfo.az xəbər verir ki, səhər saatlarında maddələr mübadiləsi daha aktiv olur. Bu səbəbdən alma, armud, portağal, naringi, kivi və giləmeyvələr günə başlamaq üçün ideal hesab olunur. Bu meyvələr orqanizmi oyadır, həzmi aktivləşdirir və enerji verir.

Günorta saatlarında bədənin enerji tələbatı artır. Bu zaman banan, üzüm, manqo, şaftalı və qaysı kimi şəkər miqdarı nisbətən yüksək olan meyvələrin daha uyğun olduğunu bildirilir. Bu meyvələr zehni və fiziki fəaliyyəti dəstəkləyir.

Günün ikinci yarısında alma, nar, ananas, gilas və gavalı kimi meyvələr tövsiyə olunur. Bu meyvələr toxluq hissi yaradır, şirniyyat istəyini azaldır və axşam yeməyinə qədər enerjini qorumağa kömək edir.

Axşam saatlarında meyvə qəbulunun məhdudlaşdırılması tövsiyə edilir. Bu zaman şəkəri az olan alma, kivi və giləmeyvələr az miqdarda yeyilə bilər. Banan, üzüm, qarpız və yemiş isə gec saatlarda məsləhət görülmür.

Meyvələr əsas yeməkdən dərhal sonra deyil, 1–2 saat sonra qəbul edilməsi daha düzgün hesab edilir. Diabet, mədə-bağırsaq problemləri olan şəxslər isə meyvə seçimini fərdi şəkildə etməlidir.

Meyvə sağlam qida olsa da, düzgün vaxtda və ölçüdə yeyildikdə daha faydalıdır. Günün saatına uyğun meyvə seçimi həm sağlamlığın qorunmasına, həm də çəki nəzarətinə müsbət təsir göstərir.