
Axşam saatlarında karbohidrat qəbulunun zərərli olması barədə geniş yayılmış fikir tam əsaslı deyil. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina Radio Sputnik-ə açıqlamasında danışıb.
Onun sözlərinə görə, karbohidratlar orqanizmdə "xoşbəxtlik hormonları"nın ifrazını sürətləndirdiyi üçün axşam saatlarında psixoloji rahatlama vasitəsi kimi çıxış edə bilər. Gərgin və yorucu günün sonunda insanın istirahətə ehtiyacı olur və karbohidratlı yeməklər bu ehtiyacı qarşılamağa yardım edir.
Mütəxəssis əlavə edib ki, bəzi araşdırmalar axşam yeməyində kompleks karbohidratlardan istifadə edənlərin, ümumiyyətlə, daha çox çəki itirdiyini göstərib. Bu, onların gün ərzində daha az aclıq hiss etməsi və daha balanslı qidalanması ilə bağlı ola bilər.
Solomatina axşam menyusunda sadə şəkərlərdən uzaq durmağı, əvəzində qara düyü, qarabaşaq və ya nişastasız tərəvəzlər kimi kompleks karbohidratlara üstünlük verilməsini tövsiyə edir.
O, həmçinin qeyd edib ki, əsas məsələ porsiyanın miqdarı və ümumi gündəlik kalori balansıdır. Karbohidratı düzgün seçmək və ifrata varmamaqla, axşam qəbulu həm fiziki, həm də emosional sağlamlıq üçün faydalı ola bilər.