İnsanın gündəlik qəbul etdiyi qlükozanın təxminən iyirmi beş faizi beynin enerji ehtiyaclarını ödəmək üçün istifadə olunur. Foodinfo.az bildirir ki, bu barədə “Qidalanma və Biotexnologiya üzrə Federal Elmi Mərkəz”in mütəxəssisi, endokrinoloq və dietoloq Yurqita Varaeva məlumat verib.

Həkimin sözlərinə görə, beyin enerjini müxtəlif mənbələrdən ala bilsə də, qlükoza ən səmərəli enerji yanacağı hesab olunur. Orqanizmə daxil olan istənilən karbohidrat – istər şəkər, şirniyyat, qazlı içkilər, istərsə də meyvə, tərəvəz və dənli bitkilər – sonda qlükozaya çevrilərək qan dövranına daxil olur. Fərq isə bu prosesin sürətindədir.

Varaeva bildirib ki, peşəkar marafonçular üçün tez həzm olunan karbohidratlar enerji ehtiyacını dərhal ödəmək üçün vacibdir. Lakin gündəlik həyat tərzi keçirən insanlar üçün bu qədər sadə şəkər istifadəsi artıq enerji ilə yanaşı, piylənmə və digər sağlamlıq problemlərinə yol aça bilər.

Mütəxəssis qeyd edib ki, yulaf sıyığı, dənli qarnirlər və sərt buğda sortlarından hazırlanmış “al dente” makaronlar beyini uzunmüddətli enerji ilə təmin edir və şirniyyata ehtiyacı azaldır. Əvəzində qazlı içkilər, cem və konfetlər kimi sadə şəkərlər qısa müddətli enerji verir, lakin orqanizmə real fayda vermir.

O, rasionda kompleks karbohidratlara üstünlük verilməsini və sadə şəkərlərin istehlakının məhdudlaşdırılmasını tövsiyə edib.