Çiy südün uşaqlar tərəfindən istifadəsi tövsiyə olunmur. Foodinfo.az bildirir ki, bu barədə Federal Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyi Tədqiqat Mərkəzinin elmi işlər üzrə direktor müavini Nataliya Yefimoçkina məlumat verib.

Ekspertin sözlərinə görə, üç yaşdan yuxarı uşaqlar valideynləri ilə eyni qidaları istehlak etməyə başlasalar da, onlar üçün məhsul seçimi zamanı təhlükəsizlik standartları daha sərt olmalıdır.

Yefimoçkina həmçinin qeyd edib ki, uşaqlar arasında populyar olan suşi və rollar da yay aylarında ciddi təhlükə yaradır. Bu məhsullarda istifadə olunan az termiki emal olunmuş balıq və dəniz məhsulları zərərli mikroorqanizmlər daşıya bilər.

Xüsusilə çiy südün tərkibində bir millilitrə qədər yüz milyonadək bakteriya ola biləcəyini vurğulayan mütəxəssis bildirib ki, bu məhsul yalnız qaynadıldıqdan və tez soyudulduqdan sonra istifadə olunmalıdır.

Mütəxəssis valideynlərə yay mövsümündə uşaqlara verilən qidalara qarşı daha diqqətli yanaşmağı və qida gigiyenasına ciddi əməl etməyi tövsiyə edib. Bu, zəhərlənmə və yoluxucu xəstəliklərin qarşısını almaq baxımından mühüm amildir.