
Qara çörək tez-tez sağlam alternativ kimi təqdim olunsa da, bu fikir birmənalı deyil. Foodinfo.az bildirir ki, bu barədə qidalanma üzrə mütəxəssis Oksana Şevçenko “Argumentı i Faktı” nəşrinə açıqlama verib. Mütəxəssis deyir ki, bazarlarda satılan qara çörəklərin bəziləri rəngləndirici əlavələrlə hazırlanır.
Onun sözlərinə görə, əsl qara çörək tam buğda unundan hazırlanırsa, daha çox lif və B qrupu vitaminləri ilə zəngin olur. Bu, bağırsaq mikroflorasına müsbət təsir göstərir və uzunmüddətli toxluq yaradır. Ancaq qida rasionunda yalnız qara çörəyə üstünlük vermək düzgün deyil.
Həzm problemləri olan insanlar üçün bu çörək növü narahatlıq yarada bilər. Şevçenko xəbərdarlıq edir ki, qara çörək də artıq miqdarda qəbul edildikdə çəki artımına səbəb ola bilər. Xüsusilə şəkər xəstələri üçün tərkibinə və qlisenik indeksinə diqqət etmək vacibdir.
Alış zamanı tərkibi diqqətlə oxumaq tövsiyə olunur. Ekspert vurğulayır ki, qara çörək yalnız balanslı menyunun bir hissəsi olduqda faydalıdır. Onun sözlərinə görə, ən ideal seçim ev şəraitində hazırlanmış tam buğda çörəyidir.