Arıqlama prosesinin düzgün aparılması xolesterinin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır və bu, ümumi sağlamlığa müsbət təsir göstərir. Mütəxəssislər bildirirlər ki, artıq çəkinin azaldılması xüsusilə ürək-damar sisteminin qorunmasına kömək edir. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, həkim-terapevt Zarema Ten bu mövzu ilə bağlı ətraflı izahat verib. Onun sözlərinə görə, artıq çəki, xüsusilə qarın nahiyəsində toplanan yağlar xolesterinin balansını pozur. Bu zaman “yaxşı” xolesterin azalır, “pis” xolesterin isə artır. Nəticədə damarların vəziyyəti zəifləyir və iltihabi proseslər sürətlənir.

Həkim qeyd edir ki, visseral yağ toxuması maddələr mübadiləsinə mənfi təsir göstərir və bu da xolesterin səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin müsbət tərəfi odur ki, ciddi dəyişiklik üçün çox böyük çəki itkisinə ehtiyac yoxdur. İlkin bədən çəkisinin cəmi 5-10 faiz azaldılması belə lipid göstəricilərini yaxşılaşdıra bilər. Bu, insan orqanizmi üçün həm təhlükəsiz, həm də effektiv yanaşma hesab olunur. Bundan əlavə, yalnız bədən çəkisinə deyil, bel çevrəsinə də diqqət yetirmək vacibdir. Qadınlarda bu göstərici 80 santimetrdən, kişilərdə isə 94 santimetrdən artıq olmamalıdır.

Mütəxəssis sürətli və kəskin pəhrizlərdən uzaq durmağı tövsiyə edir. Belə üsullar qısa müddətdə nəticə versə də, uzunmüddətli perspektivdə əks təsir yaradır və maddələr mübadiləsini pozur. Orqanizm üçün stresssiz və mərhələli arıqlama daha faydalıdır. Ay ərzində 3-5 kiloqram arıqlamaq optimal hesab olunur. Bu yanaşma həm xolesterinin normallaşmasına, həm də ümumi sağlamlığın möhkəmlənməsinə şərait yaradır. Düzgün qidalanma və aktiv həyat tərzi ilə bu nəticələri daha sabit saxlamaq mümkündür.