Qazlı içkilər, xüsusilə şəkərli variantları, 40 yaşdan yuxarı insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər. Bu məhsullar yalnız dadlı içki deyil, həm də orqanizm üçün yüksək metabolik yükdür.

Foodinfo.az “Abzats” saytına istinadla xəbər verir ki, ümumi praktik həkim Denis Prokofyev qazlı içkilərin zərərlərini izah edib. Hətta sadə qazlı su belə mədə turşusunun qida borusuna geri axmasına və reflüksə səbəb ola bilər. Şəkərli qazlı içkilər isə vəziyyəti daha da ağırlaşdırır: bir banka içki 10 qaşıqadək şəkər ehtiva edir və bu, orqanizmin fizioloji normalarından xeyli yüksəkdir.

Belə “şəkər zərbəsi” insulin səviyyəsində ani sıçrayış və ardınca sürətli düşmə yaradır, bu da metabolik stress və ürək-damar sisteminə yük gətirir. Nəticədə aritmiyalar, metabolik sindrom, piylənmə və diş problemləri yarana bilər. 40 yaşdan sonra şəkərli qazlı içkilərdən istifadə diabet və fatal ürək ritmi pozuntularının riskini artırır.

Həkim tövsiyə edir ki, qazlı içkilər sadə içki kimi qəbul edilməməli, yalnız qida ilə birlikdə və ölçülü şəkildə istehlak olunmalıdır.