
Yeməkdən sonra yaranan yuxululuq və halsızlıq çoxlarına tanış vəziyyətdir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal hər zaman adi deyil və orqanizmdəki bəzi xəstəliklərin ilkin əlaməti ola bilər.
Foodinfo.az xəbər verir ki, yeməkdən dərhal sonra yuxululuğun yaranması qan şəkərinin sürətli yüksəlib-enməsi, yəni insulin müqaviməti və ya şəkərli diabetin başlanğıcı ilə əlaqədar ola bilər. Qanda şəkərin səviyyəsi dəyişdikdə, bədən enerjini tənzimləməkdə çətinlik çəkir və bu, yorğunluq, halsızlıq və yuxu hissi ilə nəticələnir.
Xüsusilə ağ çörək, şirniyyat, düyü və makaron kimi sadə karbohidratlarla zəngin yeməklər qandakı şəkərin sürətlə artmasına, ardından isə enməsinə səbəb olur. Bu proses beynin fəaliyyətinə təsir edərək yuxululuq yaradır.
Əgər yeməkdən sonra hər dəfə yuxu gəlir, tez-tez halsızlıq, susuzluq və başgicəllənmə müşahidə olunursa, bu, prediabet və ya 2-ci tip diabetin xəbərçisi ola bilər.
Həkimlər bildirirlər ki, belə hallarda pəhrizdə dəyişiklik etmək vacibdir. Qidalanmada zülal, lif və sağlam yağlarla zəngin məhsullara üstünlük verilməli, şəkərli və ağ unlu qidaların miqdarı azaldılmalıdır.
Bundan əlavə, müntəzəm fiziki aktivlik və kifayət qədər su qəbulu da bu vəziyyətin qarşısını almağa kömək edir.
Yeməkdən sonra yuxululuq bəzən qalxanabənzər vəzin fəaliyyəti pozğunluğu, anemiya və ya stresslə bağlı hormonal dəyişikliklərdən də qaynaqlana bilər. Əlamətlər uzun müddət davam edərsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.