
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zərdab və ətraf rayonlardan rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Foodinfo.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, lizinq yolu ilə texnika alışı və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbul zamanı fermerlərə aqrar sahədə yeni subsidiya mexanizmlərinin yaradılması, Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər barədə geniş məlumat verilib.
Qəbuldan sonra AKİA sədri Pərvanlı kəndində toxumçuluq, balıqçılıq, heyvandarlıq təsərrüfatlarına, intensiv meyvə bağlarına və pambıq sahəsinə baş çəkib, fermerlərlə kənd təsərrüfatının inkişafı, aqrar sahəyə dövlət dəstəyi barədə fikir mübadiləsi aparılıb

