
Sağlam bağırsaq yalnız həzmi deyil, həm də immuniteti, əhval-ruhiyyəni və ümumi orqanizm fəaliyyətini birbaşa təsir altına alır. Qidalanma tərzi bağırsaq mikroflorasının tarazlığında həlledici rol oynayır.
Foodinfo.az sağlam bağırsaq üçün faydalı olan 6 əsas qidanı təqdim edir:
1. Qatıq
Təbii qatıq probiotiklərlə, yəni faydalı bakteriyalarla ş zəngindir. Bu bakteriyalar bağırsaq florasını gücləndirir, həzm prosesini asanlaşdırır və zərərli mikrobların çoxalmasının qarşısını alır. Qatığın tərkibindəki Lactobacillus və Bifidobacterium növləri xüsusilə bağırsaq sağlamlığı üçün önəmlidir.
2. Kələm turşusu
Fermentasiya nəticəsində yaranan kələm turşusu təbii probiotik qaynağıdır. Bağırsaqlarda faydalı bakteriyaların sayını artırır, eyni zamanda immunitet sistemini gücləndirir. Lakin duz miqdarına diqqət yetirmək vacibdir – təzyiq xəstələri üçün normadan artıq istifadə tövsiyə edilmir.
3. Liflə zəngin tərəvəzlər (brokkoli, kərəviz, kök)
Liflər bağırsaqların təbii hərəkətini tənzimləyir və qəbizliyin qarşısını alır. Xüsusən brokkoli və kərəviz bağırsaqlarda faydalı bakteriyaların qidalanmasına kömək edən prebiotik təsir göstərir.
4. Tam taxıllar
Qəhvəyi düyü, yulaf və tam buğda məhsulları bağırsaqlar üçün vacib olan həllolmaz liflərlə zəngindir. Bu liflər həm həzm prosesini asanlaşdırır, həm də toksinlərin orqanizmdən atılmasına kömək edir.
5. Alma və banan
Alma və bananda olan pektin maddəsi bağırsaq hərəkətliliyini yaxşılaşdırır, eyni zamanda faydalı bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Bu meyvələr həm də yüngül təbii detoks təsiri göstərir.
6. Zeytun yağı
Antioksidantlarla zəngin olan zeytun yağı bağırsaq divarını qoruyur, iltihabi prosesləri azaldır və həzmi asanlaşdırır. Hər gün az miqdarda təbii zeytun yağı qəbul etmək bağırsaq sağlamlığını dəstəkləyir.
Bu qidaları gündəlik rasiona daxil etmək bağırsaq mikroflorasının balansını qorumağa, immuniteti gücləndirməyə və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir. Sağlam bağırsaq, sağlam bədənin təməlidir.