
Yod çatışmazlığı dünyada ən çox rast gəlinən mikroelement problemlərindən biridir və bu çatışmazlıq insan orqanizminə, xüsusilə də qalxanabənzər vəzə ciddi təsir göstərir.
Foodinfo.az xəbər verir ki, yod qalxanabənzər vəz hormonlarının – tiroksin (T4) və triiodtironin (T3) – istehsalı üçün əsas element hesab olunur. Bu hormonlar bədənin enerji mübadiləsini, sinir sisteminin fəaliyyətini və hüceyrə inkişafını tənzimləyir.
Mütəxəssislərin sözlərinə görə, yod çatışmazlığı xüsusilə uşaqlarda, hamilə qadınlarda və yaşlı insanlarda daha ciddi nəticələrə səbəb ola bilər.
Uşaqlarda bu çatışmazlıq zehni inkişafın ləngiməsinə, öyrənmə və diqqət problemlərinə gətirib çıxarır.
Hamilə qadınlarda isə yod azlığı dölün beyin və sinir sistemi inkişafını mənfi təsirləndirir, körpənin fiziki və zehni inkişafında geriliyə səbəb ola bilər.
Qalxanabənzər vəz kifayət qədər yod almadıqda hormon sintezini davam etdirmək üçün daha çox işləməyə məcbur olur. Bu da vəzin böyüməsinə və boyunda görünən şişkinliyə səbəb olur.
Həkim qeyd edir ki, yod çatışmazlığı olan insanlarda halsızlıq, yuxululuq, yaddaş zəifləməsi, saç tökülməsi, dərinin quruması, soyuğa qarşı həssaslıq və bədən çəkisinin artması kimi əlamətlər müşahidə olunur.
Yodun gündəlik qəbulu üçün ən yaxşı mənbələrin dəniz balıqları, yosunlar, süd məhsulları, yumurta və yodlaşdırılmış duz olduğunu bildirirlər.
Bununla yanaşı, yodun həddindən artıq qəbulu da qalxanabənzər vəz fəaliyyətinə mənfi təsir göstərə bilər.
Səhiyyə qurumları əhalini yodlu duzdan mütəmadi istifadə etməyə və xüsusilə hamilə qadınların bu mineralla zəngin qidaları rasionlarına əlavə etməyə çağırır.
Mütəxəssislər vurğulayırlar ki, yod çatışmazlığının qarşısını almaq üçün balanslı qidalanma və düzgün qida seçimi əsas amildir. Bu sadə addımlar həm qalxanabənzər vəzin sağlamlığını qoruyur, həm də bədənin ümumi enerji balansını dəstəkləyir.