
Əsrlərdir Asiya ölkələrində sevilən və ənənəvi olaraq istifadə olunan jasmin çayı həm ətri, həm də sağlamlığa faydaları ilə məşhurdur. Ən çox yaşıl çay yarpaqları yasəmən çiçəkləri ilə qarışdırılaraq hazırlanır. Bu səbəbdən jasmin çayı həm yaşıl çayın, həm də yasəmənin müsbət xüsusiyyətlərini özündə birləşdirir.
– Jasmin çayının ən məşhur xüsusiyyətlərindən biri rahatladıcı təsiridir. Onun ətri beyində xoş əhval-ruhiyyə yaradan hormonların ifrazını artırır, əsəb gərginliyini azaldır və günün yorğunluğunu aradan qaldırır. Bu xüsusiyyətinə görə, jasmin çayı yuxu problemi yaşayanlara da tövsiyə olunur.
– Çayın tərkibindəki antioksidantlar və C vitamini orqanizmi zərərli bakteriyalara və viruslara qarşı qoruyur. Mütəxəssislər bildirirlər ki, müntəzəm jasmin çayı içmək soyuqdəymə və qrip riskini azaldır, immuniteti gücləndirir.
– Yaşıl çayın təsirinə görə jasmin çayı maddələr mübadiləsini sürətləndirir və yağ yandırılmasına kömək edir. Kalorisi çox az olduğundan pəhriz saxlayan insanlar üçün ideal seçimdir.
– Tərkibindəki faydalı maddələr xolesterinin səviyyəsini aşağı salır, qan dövranını yaxşılaşdırır və damar elastikliyini artırır. Beləliklə, jasmin çayı ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər.
– Antioksidant təsiri sayəsində jasmin çayı dərini sərbəst radikalların zədələyici təsirindən qoruyur, qocalmanı ləngidir və dəriyə parlaqlıq bəxş edir.
Jasmin çayı yalnız zərif dadı və xoş ətri ilə deyil, həm də çoxsaylı sağlamlıq faydaları ilə fərqlənir. Onun gündəlik istifadəsi həm əsəb sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.