Mütəxəssislər bildirirlər ki, üz dərisində yaranan qızartı və həssaslıqla müşahidə olunan rozasea problemi təkcə kosmetik vasitələrlə həll edilmir. Ekspertlərin fikrincə, bu vəziyyət orqanizmdə gedən iltihabi proseslər, damar sistemi və həzm sistemi ilə də əlaqəli ola bilər.

Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, rozasea əlamətləri xüsusilə 30 yaşdan sonra daha çox müşahidə olunur. Həkimlər qeyd edirlər ki, düzgün dəri baxımı vacib olsa da, problemin əsas səbəblərindən biri daxili iltihab prosesləridir.

Mütəxəssislər rozasea zamanı qidalanmada sinklə zəngin məhsullara üstünlük verməyi tövsiyə edirlər. Sinkin dəri baryerini gücləndirdiyi və damarların vəziyyətinə müsbət təsir göstərdiyi bildirilir. Dəniz məhsulları, mal əti, yumurta, küncüt, qoz-fındıq və qaraciyər sink mənbələri arasında göstərilir.

Ekspertlər həmçinin omeqa-3 yağ turşuları ilə zəngin qidaların iltihabın azalmasına kömək etdiyini vurğulayırlar. Yağlı balıq, kətan toxumu, qoz və bitki yağlarının bu baxımdan faydalı olduğu qeyd edilir.

Məqalədə C vitamini və polifenollarla zəngin tərəvəz və meyvələrin də damarları möhkəmləndirdiyi bildirilib. Xüsusilə qaragilə, nar, böyürtkən, brokkoli və kakao kimi məhsulların antioksidant təsiri ilə seçildiyi vurğulanır.

Mütəxəssislərin sözlərinə görə, balanslı və iltihabəleyhinə qidalanma təkcə dəri problemlərinin deyil, ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına da dəstək verə bilər.