Mütəxəssislər bildirirlər ki, qara çay düzgün miqdarda qəbul edildikdə sağlamlıq üçün faydalı ola bilər. Tərkibindəki polifenollar orqanizmə müsbət təsir göstərir, kofein isə yüngül tonuslandırıcı və ağrıkəsici xüsusiyyətə malikdir.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, qara çayın tərkibində kofeinlə yanaşı, sinir sistemini sakitləşdirən teanin maddəsi də var. Bu səbəbdən qara çay qəhvə ilə müqayisədə daha yumşaq təsir göstərir və əksər insanlarda güclü əsəbilik yaratmır.
Mütəxəssislərin sözlərinə görə, yuxu pozuntusu və yüksək narahatlıq problemi olmayan insanlar üçün qara çayın ölçülü istifadəsi təhlükəli hesab edilmir. Hətta gündə bir neçə fincan qara və ya yaşıl çay qəbulunun normal olduğu bildirilir. Bununla belə, axşam saatlarında içilən çayın bəzi insanlarda yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyi vurğulanır.
Ekspertlər qeyd edirlər ki, kofein asılılığını müəyyən etməyin əsas göstəricisi içki qəbul edilmədikdə ciddi narahatlıq və halsızlıq hissinin yaranmasıdır. Əgər insan çay içmədən normal fəaliyyət göstərə bilirsə, bu, adətən asılılıq əlaməti sayılmır.
Məqalədə həmçinin bildirilir ki, qara çayın həddindən artıq istifadəsi arzuolunmaz olsa da, balanslı şəkildə qəbul edildikdə həzm sisteminə dəstək verə və ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər. Mütəxəssislər axşam çayına nanə əlavə etməyin həm dadı yaxşılaşdırdığını, həm də sakitləşdirici təsir göstərdiyini qeyd edirlər.






