Yara və kəsiklərin xalq üsulları ilə müalicəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Təcili tibbi yardım həkimi Svetlana Quz bildirib ki, zədələnmiş nahiyəyə müxtəlif təsadüfi vasitələrin qoyulması infeksiya riskini artırır.
Foodinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, həkimin sözlərinə görə, mamır, yarpaq, torpaq və digər əl altında olan vasitələr bakteriya mənbəyi hesab olunur. Bu cür vasitələr yaraya mikrob düşməsinə və ağır iltihab yaranmasına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, bağayarpağı, bal, kül, sidik və gil kimi “illərlə sınanmış” hesab olunan üsullar düzgün tibbi yardımı əvəz etmir. Əgər yaxınlıqda tibbi ləvazimat yoxdursa, yaranı təmiz su ilə yumaq və təmiz salfetlə örtmək daha təhlükəsiz seçim sayılır.
Həkim əlavə edib ki, spirt və digər aqressiv məhlullar da ehtiyatla istifadə olunmalıdır. Belə maddələr canlı toxumalara zərər verərək vəziyyəti daha da ağırlaşdıra bilər. Buna görə mütəxəssislər ilk yardım zamanı düzgün gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.






