Gündəlik qidalanmada zeytun yağının istifadəsi beyin sağlamlığına müsbət təsir göstərə və demensiya riskini azalda bilər. Mütəxəssislər bu məhsulun xüsusilə uzunmüddətli sağlamlıq baxımından önəmli olduğunu bildirirlər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Harvard Universitetinin alimləri zeytun yağının müntəzəm istifadəsinin zehni sağlamlığın qorunmasına kömək etdiyini müəyyən ediblər. 28 il davam edən araşdırmada 92 min insanın qidalanma vərdişləri izlənilib.
Tədqiqat nəticələrinə görə, gündə ən azı 7 qram zeytun yağı qəbul edən şəxslərdə demensiya səbəbindən erkən ölüm riski 28 faiz aşağı olub. Alimlər bu nəticəni zeytun yağının tərkibindəki faydalı yağ turşuları və antioksidantlarla izah edirlər.
Araşdırmanın müəlliflərindən Ann-Jüli Tessye bildirib ki, zeytun yağı marqarin və mayonez kimi məhsulların əvəzinə istifadə edildikdə daha faydalı nəticələr verir. Onun sözlərinə görə, bu yağ həm ürək, həm də beyin sağlamlığını dəstəkləyir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, aparılan nəticələr yalnız zeytun yağına aiddir və digər bitki yağlarında eyni təsir müşahidə olunmayıb.






