Son dövrlərdə internetdə öd kisəsinin müxtəlif üsullarla “təmizlənməsi” ilə bağlı məsləhətlər geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, nəzarətsiz tətbiq olunan bu cür prosedurlar sağlamlıq üçün ciddi risklər yarada bilər.

Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, həkimlər öd kisəsinin orqanizmdə mühüm funksiyaya malik olduğunu bildirirlər. Qeyd olunur ki, öd qaraciyərdə istehsal olunsa da, onun toplanaraq düzgün zamanda ifraz edilməsini məhz öd kisəsi təmin edir. Bu proses xüsusilə yağların və yağda həll olan vitaminlərin mənimsənilməsi üçün vacib hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, internetdə yayılan sərt “ödqovucu təmizləmə” üsulları bəzi hallarda öd daşlarının hərəkətə keçməsinə səbəb ola bilər. Nəticədə daşların öd yollarında ilişməsi iltihab və təcili cərrahi müdaxilə riski yaradır.

Ekspertlər bildirirlər ki, sağlam insanlarda öd kisəsini xüsusi prosedurlarla “təmizləməyə” ehtiyac yoxdur. Bunun əvəzinə düzgün qidalanma, kifayət qədər su qəbulu və aktiv həyat tərzi öd axınının normal saxlanmasına kömək edir.

Məqalədə həmçinin qeyd olunur ki, bəzi hallarda xolesterin tərkibli öd daşlarının ölçüsündə qidalanma rejiminin dəyişdirilməsi və həkim nəzarətində tətbiq edilən üsullarla azalma müşahidə oluna bilər. Bununla belə, mütəxəssislər özbaşına müalicə və internet reseptlərindən istifadənin təhlükəli ola biləcəyini vurğulayırlar.