Müasir dövrdə bir çox insan yemək zamanı telefondan istifadə etməyi adi vərdişə çevirib. Lakin həkimlər bunun sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.
Foodinfo.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, britaniyalı dietoloq Amanda Avery yemək zamanı telefona baxan insanların daha çox qida qəbul etməyə meylli olduğunu deyib. Onun sözlərinə görə, diqqətin yayılması toxluq siqnallarının gec hiss edilməsinə səbəb olur.
Ekspert bildirib ki, insan yeməyə fokuslanmadıqda beynin doyma hissini qəbul etməsi çətinləşir. Nəticədə normadan artıq yemək riski artır.
Amanda Avery qeyd edib ki, sürətli və diqqətsiz qidalanma həzm problemlərinə də səbəb ola bilər. Çünki insanlar yeməyi kifayət qədər çeynəmir və bu vəziyyət mədənin işini çətinləşdirir.
Dietoloq ailə ilə birlikdə sakit şəkildə yemək yeməyin həm psixoloji, həm də fiziki sağlamlıq üçün daha faydalı olduğunu vurğulayıb.
Ekspert əlavə edib ki, yemək zamanı televizor və planşet istifadəsi də eyni təsiri yaradır. Onun fikrincə, şüurlu qidalanma artıq çəkinin qarşısını almağa kömək edən əsas vərdişlərdən biridir.






